Tiranada milli statistika qurumlarının strukturuna dair strateji idarəetmə məsələlərinə həsr olunmuş seminar keçirilib

09.07.2018
Tiranada milli statistika qurumlarının strukturuna dair strateji idarəetmə məsələlərinə həsr olunmuş seminar keçirilib

5-6 iyul 2018-ci il tarixlərində Albaniyanın paytaxtı  Tirana şəhərində Avropa Azad Ticarət Assosiasiyası və Albaniya Statistika İnstitutunun təşkilatçılığı ilə inzibati məlumatlara və reyestrlərə xüsusi diqqət yetirməklə milli statistika qurumlarının strukturuna dair strateji idarəetmə məsələlərinə həsr olunmuş seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə iştirak edib. İki gün davam edən seminarda statistik istehsal prosesində inzibati məlumatlardan necə istifadə etməli mövzusu ilə yanaşı, Statistik Biznes-Prosesin Ümumi Modelinin (GSBPM), Statistika Təşkilatları üçün Fəaliyyətlərin Ümumi Modelinin (GAMSO) və keyfiyyəti idarə etmə sisteminin (KİS) tətbiqinə dair iştirakçı ölkələrin təcrübələri bölüşülərək mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin seminarda Azərbaycan milli statistika sistemi haqqında təqdimat da nümayiş olunub, Dövlət Statistika Komitəsində keyfiyyəti idarəetmə sisteminin qurulması, metaməlumatlar sisteminin mövcud vəziyyəti, GSBPM-in milli versiyasının hazırlanması, keyfiyyəti idarə etmə sisteminin daxili auditlərinin aparılması, KİS sahəsində əldə edilmiş nailiyyətlər və qarşıda duran gələcək addımlar barədə ətraflı məlumat verilib.